Cəfər Cabbarlı 44, Caspian Plaza

Uzun müddətdir ki ölkəmizdə və dünyada tədris prosesi virtual- məsafədən təşkil olunur. Bu sahədə müxtəlif ölkələrin müəyyən qədər təcrübəsi olsa da ölkəmiz üçün dərslərin bu miqyasda virtual təşkil olunması bir ilk sayıla bilər. Şübhəsiz ki, hər bir işə yeni başlayan zaman olduğu kimi virtual dərslər başalayan zaman sinifin idarə olunmasında, dərslərin təşkilində, şagirdlərin virtual dərslərə marağının cəlb edilməsində müəyyən problemlər yaşanırdı. Bəs virtual dərslərimizin keyfiyyətini necə artıra bilərik? Virtual dərslərə şagirdlərimizin diqqətini necə cəlb edə bilərik? Onlayn dərsləri şagirdlər üçün necə maraqlı və cəlb edici edə bilərik? Bu yazımızda sizinlə bu suallara cavab tapmağa çalışacağıq. 

  1. Əlçatanlıq -bütün şagirdləriniz üçün dərsləriniz əlçatan olsun. Virtual dərsləri təşkil etmək üçün müxtəlif platformalardan istifadə edilir. Bu platformaların bənzər xüsusiyyətləri çox olsa da, dərs keçəcəyiniz platformanı seçən zaman sinifinizin tələblərinə uyğun platforma seçin. Dərsləri elə platforma üzərindən təşkil edin ki, hər bir şagirdiniz dərslərə qoşula bilsin. Şagirdlərə əgər sualları olarsa sizə hansı vasitələrlə (email, mesaj, chat və s)  müraciət edə biləcəklərini öncədən bildirin.

  2. İnteraktivlik - Dərslərin virtual formada təşkili müəllimlər üçün yeni imkanlar yaradır. Bu sizin üçün müxtəlif yeni interaktiv alətləri sınaqdan keçirməyə əla imkandır. İstifadə etdiyiniz müxtəlif alətlər dərslərinizi şagirdlər üçün maraqlı və cəlb edici edəcək. Əgər dərsdə videodan istifadə edəcəksinizsə, nümayiş etdirəcəyiniz videonun qısa olmasına önəm verin.

  3. Rəy bildirmə - Dərslər virtual formada təşkil olunsa da şagirdə effektiv rəy bildirmə (geri bildirim/feedback) öz əhəmiyyətini saxlayır. Şagirdlərə verdiyiniz tapşırıqların nəticəsi haqqında onlara fikir bildirin. Bu şagirdlərin öyrənmə prosesinə məsuliyyətli yanaşması ilə yanaşı, onların öyrənmə prosesindəki ehtiyaclarını müəyyən edib inkişaf etmələrinə kömək edəcək. Rəy bildirən zaman şablon cümlələrdən az istifadə etməyiniz tövsiyyə olunandır. Eyni zamanda dərs haqqında şagirdlərin fikirlərini öyrənin və bu fikirləri dərslərinizi planlaşdıran zaman nəzərə alın.

  4. Planlaşdırma - dərsdə istifadə edəcəyiniz məzmun və tapşırıqları öncədən planlaşdırın. Dərsdə istifadə edəcəyiniz alətləri mütləq şagird kimi özünüz sınaqdan keçirin. Dərsdən öncə dərs matreallarınızı nəzərdən keçirməyiniz tövsiyyə olunandır. Yaxşı olar ki, istifadə etdiyiniz platformanın təqvimindən istifadə edərək dərslərinizi öncədən qeyd edəsiniz.

  5. Video qeydiyyat - Şübhəsiz ki, sinifinizə olan hər bir şagirdin dərsə qoşulması mümkün olmaya bilər. Bu zaman dərsin video qeydinin onlarla paylaşılması dərsə qoşulmamış şagirdlərin mövzunu mənimsəməsinə kömək edəcəkdir. Bu səbəbdən hər zaman dərsin video görüntüsünü qeydə alın və dərsdən sonra şagirdlərlə paylaşın. Dərsin video qeydindən dərsdə iştirak etmiş etmiş  şagirdlər belə dərs zamanı tam aydın başa düşmədikləri hissəni yenidən dinləmək və başa düşmək üçün də istifadə edə bilərlər.

Məqalə Edtech Azərbaycan komandası tərəfindən hazırlanmışdır.    

e-mail: info@edtech.az 

website: www.edtech.az

Facebook: https://www.facebook.com/EdtechAzerbaijan





1